HƏRƏNİN ÖZ PAYI:
Eyni bir inzibati xətaya görə məsuliyyətin subyektiv bölgüsü
- Ceyhun Əsədov
- Hüquqşünas

Bu bloq yazısı hüquqi şəxslərin məsuliyyəti məsələsini, inzibati xətalara dair qanunvericilik və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı işığında araşdıracaqdır.
Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb olunması halında işəgötürənlərin məsuliyyətini tənzimləyir.
Həmin norma işəgötürənlərin vəzifəli şəxsləri ilə yanaşı, hüquqi şəxslərin də cərimələnməsinin mümkünlüyünü nəzərdə tutur.
Məsələn, İşçi “A” Məhdud Məsuliyyətli Cəmiyyətində 2022-ci ilin 01 avqust tarixindən faktiki olaraq işə başlayır. Lakin onunla əmək müqaviləsi 10 avqust 2024-cü il tarixində bağlanır. Belə olan halda həmin Cəmiyyətin direktoru vəzifəli şəxs qismində inzibati xətaya dair iş üzrə icraata cəlb edilir və 3 000 AZN məbləğində cərimə edilir. Eləcə də həmin inzibati xətaya görə “A” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində də hüquqi şəxs qismində inzibati xətaya dair iş üzrə icraat başlanır və Cəmiyyət 20 000 AZN məbləğində cərimə edilir.
Sözügedən hal hüquqi şəxslərin məsuliyyəti və onların nümayəndələrinin törətdikləri pozuntular arasındakı əlaqə barədə bəzi suallar yaradır.
Məlumdur ki, əmək müqaviləsi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin görülməsinə yalnız konkret fiziki, yaxud vəzifəli şəxslər cəlb edə bilər.
Bəs belə olan halda hüquqi şəxslərin təqsir və məsuliyyəti məsələsi necə həll ediləcək?
Nümunədən göründüyü kimi eyni bir inzibati xətaya görə həm vəzifəli şəxs, həm də hüquqi şəxs məsuliyyətə cəlb edilir. İlk olaraq burada ədalətlilik prinsipinin pozulması təəssüratı yaranır. Çünki bir inzibati xətaya görə iki dəfə məsuliyyətə cəlb edilmə halı müşahidə edilir.
Bəs bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.2-ci bəndinin pozuntusudurmu?
Belə ki, həmin maddəyə əsasən:
“Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz”.
Xüsusilə, nəzərə alsaq ki, yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) təqsirli olaraq törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (AR İXM. Maddə 3).
Belə olan halda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində hüquqi şəxs təqsirli sayıla bilərmi?
Yuxarıda müxtəlif abzaslarda qeyd edilmiş sualların ümumi cavabı xeyli dərəcədə qanunvericiliyin necə şərh edilməsinə bağlıdır. Bu istiqamətdə rəsmi şərhi isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Qərarında görə bilərik.
Həmin Qərarda hüquqi şəxslərin təqsiri məsələsinə aşağıdakı kimi münasibət bildirilir:
“Nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir.
Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur.
Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir.
İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsirilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır…
“Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir.
Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; qeyd edilmiş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin təqsirinin törəməsidir”.
Yəni Konstitusiya Məhkəməsi hüquqi şəxsin təqsirilə onun vəzifəli şəxsinin təqsirini eyniləşdirməsə də, onlar arasında sıx əlaqənin olduğunu qeyd edir və hüquqi şəxsin təqsirinin onun vəzifəli şəxsinin təqsirindən törədiyini, buna görə də eyni bir inzibati xətaya görə həm vəzifəli şəxsin, həm də onun mənsub olduğu hüquqi şəxsin məsuliyyətə cəlb edilməsinin mümkünlüyünü vurğulayır.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi kontekstində işəgötürən qismində pozuntunu direktor və ya digər səlahiyyətli şəxs törədirsə, bu halda həmin pozuntuya görə hüquqi şəxsin də təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi üçün leqal əsas vardır.
Yuxarıda qeyd edilənlərin ümumiləşdirilməsilə:
- Qanunverici hesab edir ki, hüquqi şəxslərin inzibati məsuliyyəti, onların vəzifəli şəxslərinin törətdikləri xətalarla sıx bağlıdır.
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri, hüquqi şəxslərin yalnız vəzifəli şəxslərin hüquqazidd davranışları nəticəsində məsuliyyətə cəlb olunmasını mümkün edir.
- Bu, eyni inzibati xətanın törədilməsi nəticəsində həm vəzifəli şəxsin, həm də hüquqi şəxsin cərimə edilməsini hüquqi cəhətdən əsaslandırır.
- Hüquqi şəxslərin məsuliyyəti, onların işçilərinin fəaliyyətini tənzimləyən və nəzarət edən müvafiq səlahiyyətli şəxslərin məsuliyyəti ilə əlaqəlidir.
Peşəkar komandamız
Peşəkar komandamızla hüquqi problemlərinizin effektiv və şəffaf həllini təmin edirik

Fərid Xəlilzadə

Nəsibə Tağızadə

Nurlan Kərimli

Gülnarə Əliyeva

Faiq Abbasov

Ayşə Əhmədl

Mirağa Muradov

Ceyhun Əsədov

Səma Cəfərova
Bizimlə əlaqə
- Neftçi Qurban küç.29, Bayıl Plaza 4-cü mərtəbə
- office@fnk.az
- +99412 310 14 68
- +99477 677 03 00 (01,02,03,04)
Satış üçün
- crm@fnk.az
- +99477 677 03 02
Bizi izlə
Sürətli keçidlər
Xidmətlərimiz
Təcrübə sahələrimiz
Əlaqə
- Neftçi Qurban küç.29, Bayıl Plaza 4-cü mərtəbə, AZ1003 Bakı, Azərbaycan
- office@fnk.az
- +99412 310 14 68
- +99477 677 03 00 (01,02,03,04)
Satış üçün
- crm@fnk.az
- +99477 677 03 02