İşəgötürən Tərəfindən Təmin Edilən Sığortalar

   Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12.1 (j) bəndinə əsasən, işəgötürənin öz işçilərini sığorta etdirmək öhdəliyi var. Belə ki, işçi əmək fəaliyyətinə başladığı zaman işəgötürənin hesabına sığortalanaraq əmək fəaliyyətinin icrası zamanı yarana biləcək və (və ya) peşə fəaliyyətindən irəli gələn potensial təhlükələrdən bir növ müdafiə olunur.

   İşəgötürən işçiləri məcburi dövlət sosial sığortası, icbari tibbi sığota, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından sığorta etdirmək öhdəliyi daşıyır. Bəs bu sığorta növləri işçilərə hansı təminatları verir?

   Məcburi sosial sığortanın məqsədi işçilərin əmək fəaliyyəti ilə məşğul olduğu dövr ərzində itirdikləri gəlirlərinin – əmək haqlarının, əmək haqqına əlavələrin, digər ödənc və xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsinin, o cümlədən onların itirilməsinin qarşısının alınmasıdır (Azərbaycan Respublikası Əmək Məcəlləsi 304-cü maddə). Məcburi sosial sığorta işçi pensiya yaşına çatdıqda, əlillik dərəcəsi aldıqda və ya əmək qabiliyyətini müvəqqəti itirdikdə, ailə başçısını itirdikdə, həmçinin işçinin hamiləlik və doğum dövründə, uşağın anadan olması və uşağa qulluq zamanı, o cümlədən sanatoriya-kurort müalicəsi zərurəti yarandıqda işçini, işçi vəfat etdiyi təqdirdə isə onun ailə üzvlərini müvafiq vəsaitlə təmin edir.

    İşçilərin icbari tibbi sığortası isə adından da məlum olduğu kimi işçinin səhətində problem yarandığı hallarda onun müəyyən tibbi xidmət və dərman vasitələri ilə təmin edilməsinə təminat vermək məqsədi daşıyır (“Tibbi Sığorta haqqında” Azərbaycan Respublikası  Qanununun 1.1-3-cü maddəsinə əsasən).

  İşçilərin işsizlikdən sığortası isə, “İşsizlikdən Sığorta haqqında” Azərbaycan Respublikası qanununun 1.1-ci bəndinə əsasən, onların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat vermək məqsədi daşıyaraq, işçilərin müəyyən peşə fəaliyyəti ilə məşğul olmadığı dövrdə onları gündəlik yaşam xərcləri ilə təmin edir.

  İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta isə işçilərin istehsalatda bədbəxt hadisələr və ya müəyyən peşə fəaliyyəti ilə məşğul olmaq nəticəsində yaranan peşə xəstəliklərinin səbəb olacağı peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını, yəni işçilərin həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini təmin edir (“İstehsalatda Bədbəxt Hadisələr və Peşə Xəstəlikləri Nəticəsində Peşə-əmək Qabiliyyətinin İtirilməsi Hallarından İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0-cı maddəsi).

    Qeyd edildiyi kimi işəgötürənin əsas vəzifələrindən biri də işçilərin qanunvericiliklə tələb olunan sığortalanmasını həyata keçirməkdir. İşçilərin sığortalanması icbari xarakter daşıdığı üçün işəgötürənlərə tövsiyə edirik ki, məcburi dövlət sosial sığorta, icbari tibbi sığota, işsizlikdən sığorta haqlarının ödənilməsini vaxtı-vaxtında həyata keçirsin. Əks təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən, işəgötürənlər ödənilməli olan ödənişlərin (50.000 manatdan çox olmayan ödənişlər) otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə ediləcəklər. Qeyd edək ki, yalnız ödənişləri həyata keçirməkdən ilk dəfə yayınan işəgötürənlər nəzərdə tutulmuş əməl nəticəsində vurulmuş ziyanı tamamilə ödəməklə inzibati məsuliyyədən azad ola bilərlər.

  “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş işəgötürənlərə isə icbari sığorta müqaviləsini bağlamağı tövsiyə edirik. Əks halda, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın bağlanılmamasına görə vəzifəli şəxslərə min beş yüz manat məbləğində, hüquqi şəxslərə isə beş min manat məbləğində cərimə tətbiq ediləcəkdir.

Peşəkar komandamız

Peşəkar komandamızla hüquqi problemlərinizin effektiv və şəffaf həllini təmin edirik

Bizimlə əlaqə

Satış üçün

Bizi izlə

Sürətli keçidlər
Əlaqə
Quicklinks
Contact